Tanınmış aktrisa Kübra Əliyevanın oğlu Bakıda aptekə hücum edib
23 İyul 2010 Cümə 12:35
Aktrisanın kimliyinə aydınlıq gəldi. Apteki soyan məşhur aktirisa, əməkdar artist Kübra Əliyevanın oğlu Rauf Məmmədovdur.
Bakının Yasamal rayonunda aptekdən oğurluq edən şəxsin hansı aktirisanın oğlu olması müəyyənləşib. Bu barədə Milli.az-a işin istintaqını aparan Yasamal rayon Polis İdarəsinin müstəntiqi Əli Məsimov məlumat verib. O bildirib ki, apteki soyan məşhur aktirisa, əməkdar artist Kübra Əliyevanın oğlu Rauf Məmmədovdur.
Məlumat verdiyimiz kimi, iyulun 21-də naməlum şəxs Hüseyn Cavid prospektindəki aptekə daxil olaraq, orada satıcı işləyən Elmira Məmmədovaya baş nahiyəsindən yumruqla xəsarət yetirib. Satıcı huşunu itirdikdən sonra həmin şəxs kassa aparatından 505 manat pul aparıb.
Özünə gələn Elmira Məmmədova əvvəl hər şeyi yuxuda gördüyünü zənn edib. Lakin piştaxtanın altından hündürboylu bir nəfərin rəfləri dağıtdığını görəndə hər şeyin real olduğunu anlayıb. Fikirləşib ki, yeganə çıxış yolu ancaq qaçmaqdır və asta-asta qapıya tərəf hərəkət etməyə başlayıb.
“Dalımca qaçdı, pulların yerini soruşdu. İki dəfə getdi pulu tapa bilmədi. Mən ona pulun yerini doğru demişdim. Daha da qəzəbləndi, səni boğacam dedi”, - deyə ANS TV-yə danışan Elmira Məmmədova həmin şəxsdən daha diqqətli olmasını və bir daha axtarmasını istədiyini bildirib. 3-cü cəhddən sonra pulları tapan basqınçı yeni bir istəklə Elmira xanıma tərəf gəlib. Əlində telefon naqili olan şəxsin istəyi isə əczaçının yerə uzananaraq əllərini arxaya çevirməsi olub. Satıcını əllərini bağlamaq adı ilə yerə uzadan şəxs onu boğmağa başlayıb.
Körpə uşaqlarının olduğunu bildirən əczaçının yalvar-yaxarından ürəyi yumşalmayan şəxs onu boğmağa davam edib. Onun Elmira xanımı öldürməkdə məqsədi isə hadisənin yeganə şahidini aradan götürməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq olub. Amma telefon naqili qırıldığından aptekə hücum edən şəxs istəyini başa vura bilməyərək hadisə yerini tərk edib.
Bundan sonra isə Elmira xanımın ilk köməyinə təsadüfən aptekə gələn qız çatıb. Vaxtında xəstəxanaya çatdırıldığından həkimlər əczaçının həyatını xilas ediblər. Ona ambulator müalicə təyin olunub.
Elmira xanımın sözlərinə görə, hadisə zamanı basqınçı aptekin və qadının ümumilikdə 500 manatını oğurlayıb.Elmira xanım onu da bildirib ki, hadisəni törədən Rauf Məmmədov adlı şəxs ölkənin məşhur aktrisalarından birinin oğludur.
Saxlanılan Rauf Məmmədov isə hadisəni narkotik maddələrin alması üçün pulunun olmadığından törətdiyini bildrib. Onun uzun müddətdir ki, narkotik maddələrdən istifadə etdiyi müəyyənləşdirilib. Saxlanılan şəxsin sözlərinə görə, əczaçını öldürmək istəmirmiş. Sadəcə olaraq Elmira xanımın qışqırması onu çaşdırıb.
Rauf Məmmədov indiyə kimi narkotik maddələrin istifadəsi, daşınması və saxlanılması, həmçinin paytaxt sakininə xəsarət yetirməsinə görə ümumilikdə 4 dəfə məhkum olunub.
Faktla bağlı toplanmış materiallar artıq Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Rauf Məmmədovu uzun müddətli həbsxana həyatı gözləyir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: