"Taliban" lideri Molla Ömər də öldürüldü
23 May 2011 Bazar Ertəsi 12:00
Bu barədə Əfqanıstan kanalları yerli kəşfiyyata əsasən məlumat verir
"Taliban" radikal hərəkatının lideri Molla Məhəmməd Ömər Pakistanda öldürülüb. ANS PRESS-in RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan telekanalları Pakistandakı əfqan kəşfiyyatına istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, Molla Ömər Pakistanın Kvetta şəhərindən Əfqanıstanla sərhəddəki Şimali Vəziristan tayfa əyalətinə hərəkət edərkən öldürülüb. Taliban liderinin öldürülməsinin tarixi və təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, mayın 2-də "Əl-Qaidə" lideri Üsamə bin Laden Pakistanda ABŞ hərbçiləri tərəfindən öldürüldükdən sonra ABŞ və İtaliyanın hərbi və siyasi rəhbərliyi bəyan etmişdi ki, terrorla mübarizənin növbəti obyekti Əfqanıstanda "Taliban" hərəkatının lideri Molla Ömər ola bilər.
Molla Ömər Sovet qoşunları Əfqanıstandan çıxdıqdan sonra ölkədə gedən çəkişmələrin ən qızğın vaxtında, 1994-cü ildə məşhurlaşıb. O, Qəndahar əyalətinin eyniadlı inzibati mərkəzində "müsəlman tələbələr"in hərəkatını, "Taliban"ı yaradıb. Hərəkat o vaxtki prezident Burhanəddin Rəbbani hökumətinə qarşı müxalif mövqedə ayağa qalxıb.
Taliblərin rejimi Amerika qoşunları və Əfqanıstandakı NATO qüvvələri tərəfindən süquta uğradıldıqdan sonra Molla Ömər xaricdə gizlənib. Bir müddət əvvəl isə KİV dəfələrlə "Taliban" liderinin Əfqanıstanda deyil, qonşu Pakistanda döyüşçülərə rəhbərlik etdiyi barədə yazırdı.
DOSTLARINLA PAYLAŞ: