Taksi sürücüsünü qarət edən qadın həbs edildi
19 Dekabr 2009 Şənbə 11:50
Sevil İbrahimova 1 il əvvəl tutulsa da, istintaqdan yayınmağı bacarmışdı
Azərbaycan paytaxtında axtarışda olan qadın tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Əzizbəyov rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan 36 yaşlı Sevil İbrahimova tutulub.
Əzizbəyov rayon Polis İdarəsindən isə ANS PRESS-ə bildirilib ki, sözügedən quldurluq hadisəsi 2008-ci ilin dekabrında Mərdəkan qəsəbəsində baş verib. Sevil İbrahimova və 47 yaşlı Etibar Abbasov Qres qəsəbə sakini, 29 yaşlı Rahim Muradovun idarə etdiyi “Opel” markalı, 90-VZ-752 dövlət nömrə nişanlı maşına sərnişin qismində əyləşərək Şağan qəsəbəsinə getməyi xahiş ediblər. Mənzil başına çatar-çatmaz arxada oturan S. İbrahimova bıçaqla sürücüyə hədə-qorxu gələrək üzərində olan külli miqdarda pulunu və mobil telefonunu alıb. Bundan sonra həmin şəxslər hadisə yerindən qaçıblar.
Hadisədən az sonra Əzizbəyov rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R. Muradova qarşı quldurluq edən, E. Abbasov və S. İbrahimovanı yaxalayıb. Sonradan Sevil İbrahimova istintaqdan yayınmağı bacarıb və onun barəsində axtarış elan edilib.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: