Sürücünü evinə qədər qovan polislər sonda xəstəxanalıq oldu
19 Yanvar 2011 Çərşənbə 11:00
Onlardan biri evə buraxılsa da, digəri müalicəsini xəstəxanada davam etdirməli olub.
Bu gecə Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki Anaşkin küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı yol patrul xidmətinin əməkdaşlarının idarə etdiyi xidməti avtomaşınla “Mercedes” markalı maşın toqquşub.

Amma bu qəzanın meydana gəlmə səbəbi digər yol-nəqliyyat hadisələri ilə müqayisədə bir qədər fərqlidir. Belə ki, qəzadan əvvəl yol patrul xidmətinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “VAZ-21015” markalı nəqliyyat vasitəsini saxlatdırmaq istəyiblər. Sürücü Hüseyn Məmmədov isə polislərin “saxla” əmrinə əməl etməyib. Bundan sonra yol polisləri avtomobilin dalınca düşərək sürücü H.Məmmədovun Sabunçu rayonu Anaşkin küçəsində yaşadığı evinə qədər gediblər. Burada isə ev sahibləri ilə yol polisləri arasında mübahisə düşüb.

Mübahisə zamanı ev sahibinin oğlu Elmin Məmmədov və onun anası Yeganə Məmmədova polislər tərəfindən zorakılıqla üzləşdiklərini iddia ediblər. Mübahisədən sonra yol patrul xidmətinin əməkdaşları ərazidən uzaqlaşmaq istəyərkən H.Məmmədov atasına məxsus “Mercedes” markalı avtomaşınla onlara mane olmaq istəyib. Bu zaman qəza baş verib.

Hadisə yerinə gələn Bakı şəhər Dövlət Yol Polis İdarəsinin tağım komandiri Rauf Rüstəmov məsələyə belə münasibət bildirib: “Əməkdaşlarımızın maşının dalınca düşməsi barədə bir məlumatım yoxdur. O ki, qaldı polis bilsə ki, həmin avtomaşında cinayətkar var, həmin maşının dalınca düşə bilər. Hazırda bu barədə dəqiq söz deyə bilmərəm. Hər şey istintaq zamanı müəyyənləşəcək".

Qəzadan sonra xəsarət alan yol patrul xidmətinin əməkdaşları Xaliq Zeynalov və Fuad Tanrıverdiyev 3 saylı şəhər xəstəxanasına müraciət ediblər. Xəstəxanadan verilən məlumata görə, həkimlər tərəfindən müayinə olunan yol polisi X.Zeynalova ambulator müalicə təyin edilib, F. Tanrıverdiyev isə müalicəsini xəstəxanada davam etdirməli olub.

Polislər tərəfindən zorakılıqda üzləşdiklərini iddia edən Elmin və Yeganə Məmmədovalar da 3 saylı şəhər xəstəxanasına müraciət ediblər.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma başlanılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar