Sürücü diri-diri yandı
27 Fevral 2012 Bazar Ertəsi 14:27
DİN hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirir.
Masallı rayonunda dəhşətli hadisə baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, Ərkivan kənd sakini yanaraq ölüb. Hadisə ötən gün qeydə alınıb. Belə ki, Tərlan İsmayılov "Opel Astra" markalı avtomaşınına yanacaq doldurarkən siqaretlə ehtiyatsız davrandığından baş vermiş yanğından ölüb.

Cənub TV-nin məlumatına görə isə qeyd edilən hadisə intihar olub. Rayon prokurorluğundan verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Masallı Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb. 1982-ci il təvəllüdlü Tərlan Xanəli oğlu Əliyev idarə etdiyi “Opel” markalı avtomobildən yerə düşərək, şüşə qabda olan benzini üstünə tökməklə özünü yandırıb.

Hadisəni görən polis əməkdaşı ona kömək etmək istəsə də, nəticəsi olmayıb. T.Əliyevin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Hadisənin səbəbləri barədə hələlik hər hansı bir məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar