Suriyada aksiyaları zamanı 20-dən çox adam öldürülüb
13 Avqust 2011 Şənbə 04:51
Ötən gün on minlərlə adam Bəşər Əsədin edamı tələbi ilə küçələrə çıxıb
Ötən gün Suriyada on minlərlə adam prezident Bəşər Əsədin edamı tələbi ilə küçələrə çıxıb. “Associated Press” agentliyinin məlumatına görə, nümayişlər Dəməşq, Hama və Deyr əz-Zaur şəhərlərində keçirilib. Hüquq müdafiəçiləri etiraz aksiyalarının qarşısı alınarkən odlu silahdan istifadə olunduğunu və azı 20 nəfərin öldüyünü iddia edir.
Xatırladaq ki, bu ilin martından Suriyada hakimiyyət əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. BMT-nin Təhlükəsizlik Şurası üç ay müddətində Suriyadakı vəziyyətlə bağlı bəyanatlardan çəkinib. Lakin iyulun sonlarında Hamada 150-yə yaxın adamın ölümü ilə nəticələnən hadisələrdən sonra Təhlükəsizlik Şurası insan hüquqlarının pozulmasını və dinc sakinlərə qarşı silahdan istifadə edilməsini pislədi. Suriyalı hüquq müdafiəçilərinin iddiasına görə, etiraz aksiyaları başlanandan ordu və polis tərəfindən 2600-ə yaxın adam öldürülüb.
Həftənin əvvəllərində ABŞ-ın dövlət katibi Hillari Klinton dünya ölkələriniSuriya iqtisadiyyatına investisiya qoyulmasını dayandırmağa, daha dəqiqi, Suriya neftini almamağa və bu ölkəyə silah satmamağa çağırıb.
DOSTLARINLA PAYLAŞ: