Suraxanı İcra Hakimiyyətinin əməkdaşı bıçaqlanıb
30 Noyabr 2011 Çərşənbə 23:21
Hadisə gecə saatların Bakının Nəsimi rayonu ərazisində baş verib.
Gecə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, Dostluq kinoteatırının yaxınlığında bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı 1981-ci il təvəllüdlü Atakişizadə Elşən Elbrus oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Qeyd edək ki, zərərçəkən E. Atakişizadə hadisə yerinə öz qardaşı Elşadla gedib. Bir müddət sonra Elşənin mobil telefonuna gələn zəngdən sonra o, qardaşından uzaqlaşaraq naməlum şəxslə görüşə gedib. Bir neçə dəqiqədən sonra isə Elşən qan içində qardaşının yanına qayıdıb. Bundan sonra E.Atakişizadə qardaşının idarə etdiyi “Mercedes” markalı avtomaşınla ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına gətirilib.
Bundan sonra dərhal zərərçəkənin üzərində cərrahi əməliyyat aparılıb. Əməliyyat zamanı Elşənin boğaz nahiyyəsindən bir bıçaq zərbəsi qəbul etdiyi məlum olub. Xəstəxanadan ANS-ə verilən məlumata görə, hazırda zərərçəkənin vəziyyəti normal olsa da, o, reanimasiya şöbəsində müalicəsini davam etdirir. Hadisə barədə məlumat daxil olan kimi Nəsimi rayon Polis İdarəsi və 21-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə yollanıb.
Qeyd edək ki, hadisə nəticəsində bıçaq xəsarətləri alan E. Atakişizadə Suraxanı Rayon İcra Hakimiyyətində çalışır. Onu bıçaqlamaqda şübhəli bilinən şəxs artıq saxlanılıb. İstintaq zərurəti olduğunudan onun kimliyi açıqlanmır. Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: