Sumqayıtda iki uşaq anası müəmmalı şəkildə ölüb
21 İyul 2010 Çərşənbə 13:15
Qohumlar onun əri tərəfindən evin 3-cü mərtəbəsindən atıldığını iddia edirlər.
Sumqayıt şəhərində iki uşaq anası olan 40 yaşlı Kəsirə Şəkər qızı İsmayılova yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb. Hadisə iyulun 20-də saat 15:00 radələrində baş verib. Bu barədə ANS PRESS-ə K. İsmayılovanın əmisi oğlu, Masallı rayon Kolatan kənd sakini Razzaq İsmayılov məlumat verib.
Onun sözlərinə görə, əslən Masallı rayonundan olan K. İsmayılova Sumqayıta gəlin gəlib. Mərhumun yaxınları K. İsmayılovanın yıxılıb ölməsinə inanmırlar və tibbi ekspertiza təyin olunmasını istəyirlər. Qohumlar iddia edir ki, Kəsirə ilə əri Elman Əliyevin arasında son zamanlar tez-tez mübahisələr baş verib və bu səbəbi əsas gətirərək yaxınları K. İsmayılovanın əri tərəfindən evdən aşağı atıldığını ehtimal edirlər.
Qeyd edək ki, K. İsmayılovanın meyiti dünən atası evinə aparılıb. Hazırda Sumqayıt Prokurorluğunun əməkdaşları işi araşdırmaq üçün Masallı rayonuna yollanıblar.
Sumqayıt Şəhər Polis İdarəsindən və Şəhər Prokurorluğundan ANS PRESS-ə K. İsmayılovanın ölüm faktını təsdiqləsələr də əlavə məlumat vermədilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: