Son 10 ildə 500-dən çox jurnalist işini yerinə yetirərkən ölüb
03 May 2011 Çərşənbə Axşamı 14:10
BMT və YUNESKO Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə birgə müraciət yayıb
BMT-nin baş katibi Pan Gi Mun, BMT-nin insan hüquqları üzrə ali komissarı Navi Pillay və YUNESKO-nun baş direktoru İrina Bokova Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə birgə müraciət yayıblar.

Müraciətdə qeyd olunub ki, Ümumdünya Mətbuat Azadlığı Günü 20 il bundan əvvəl bir qrup jurnalistin Namibiyanın Vindhuk şəhərində toplaşması ilə yaranıb. "İyirmi il ərzində media landşaftı tanınmaz dərəcədə dəyişib, lakin bizim məqsədimiz dəyişməz olaraq qalır: ifadə azadlığını insan ləyaqəti və demokratiyanın əsası olaraq təbliğ etmək.

Hazırkı dövrün böyük ziddiyyətlərlə xarakterizə olunduğu qeyd edilən müraciətdə bildirilib ki, biz yeni texnologiyalar və media sayəsində ifadə azadlığı üçün bu vaxta qədər görülməmiş imkanlardan istifadə edirik. Daha çox insan milli sərhədlər daxilində və xaricində məlumatı paylaşa və fikir mübadiləsi apara bilir. Bu, yaradıcılıq, sağlam cəmiyyət qurmaq və hər kəsi dialoqun yeni formalarına cəlb etmək üçün böyük şansdır.

Jurnalistləri müdafiə etməyin vacibliyi bildirilən müraciətdə son onillik ərzində 500-dən çox jurnalistin peşə öhdəliklərini yerinə yetirərkən həyatını itirdiyi bildirilib, təkcə 2010-cu ildə dünyada 60 jurnalistin öldürüldüyü haqda məlumat verilib.

Vindhukdan iyirmi il sonra gündəlik həyatda baş verənlər göstərir ki, ifadə azadlığının təbliğ edilməsi əvvəlki əhəmiyyətini qoruyub saxlamaqdadır. 2011-ci il Ümumdünya Mətbuat Azadlığı Günündə biz bütün hökumətləri çap materialları, radio və televiziya yayımları və internet mühitində ifadə azadlığının təmin və təbliğ edilməsi məqsədilə öz səylərini Birləşmiş Millətlər Təşkilatı ilə birləşdirməyə çağırırıq".



DOSTLARINLA PAYLAŞ:

oyunlar