Somalidə 400 min uşaq aclıqdan ölə bilər
18 Avqust 2011 Cümə Axşamı 03:12
Britaniyalı nazir: “Aclıqdan əziyyət çəkənləri hər addımda görmək olar”
Əgər təcili xilas tədbirləri görülməsə, Somalidə 400 minə yaxın uşaq aclıqdan ölə bilər. Bunu Böyük Britaniyanın beynəlxalq inkişaf üzrə naziri Endrü Mitçell Keniyanın paytaxtı Nayrobidə bəyan edib. Britaniyalı nazir Moqadişoya tanışlıq səfərindən sonra Keniyaya gedib.
“Məsələ bundadır ki, Somalinin cənubunda vəziyyət hər gün pisləşir”, - Endrü Mitçell deyib. Onun sözlərinə görə, problemin həlli ilə ləngimədən məşğul olunmalıdır. Onun fikrincə, əks təqdirdə böhran 1991-1992-ci illərdəki fəlakətli aclıqla eyni miqyasa çata bilər. Həmin vaxt Somalidə 200 minə yaxın adam ölmüşdü.
“Aclıqdan əziyyət çəkənləri təkcə qaçqınlar üçün düşərgələrdə və acların doyurulduğu mərkəzlərdə yox, hər addımda görmək olar. Bütöv bir nəsil aclıq və xəstəliklər nəticəsində məhv ola bilər”.
BMT-nin məlumatına görə, “Afrika buynuzu” bölgəsində hökm sürən quraqlıq son 60 il ərzində ən sərt belə hadisədir. Fəlakət Somali, Keniya, Cibuti, Sudan, Uqanda və Efiopiya kimi ölkələrdə 12 milyon insanın həyatı üçün təhlükə törədir.
DOSTLARINLA PAYLAŞ: