Siyəzəndə yol polisinin saxladığı maşının sahibi öldü
02 Yanvar 2010 Şənbə 14:05
O, sürət həddinin aşılması ilə bağlı qeydə şəxsən baxmaq istəsə də, əcəl buna imkan verməyib
Yanvarın 1-də saat 13.30 radələrində Siyəzən rayonu ərazisində Dövlət Yol Polisi İdarəsinin yol patrul xidməti alayının 707 saylı Zarat postunda ölüm hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, yol polisi əməkdaşları Bakıdan Qusarın Həzrə kəndinə gedən və Dəyanət Həziyevin idarə etdiyi “VAZ 21010” markalı avtomobili saxlayıblar. Sürücüyə bildirilib ki, o yol hərəkəti qaydalarını pozub və sürət həddini aşdığına görə radara düşüb.

Avtomobilin sahibi və sürücünün əmisi Əziz Həziyev isə radarda sürət həddinin aşılması barədə qeydə özü şəxsən baxmaq istəyib. Bu zaman onda ürəktutması başlayıb. Qohumları Əziz Həziyevi Regional Diaqnostika Mərkəzinə çatdırmaq istəsələr də, o, yolda dünyasını dəyişib.

Mərhumun qohumları Əziz Həziyevin ölümündə yol polisi əməkdaşlarını günahlandırıblar. Ölümün əsl səbəbini ayırd etmək üçün məhkəmə-tibb ekspertizası təyin edilib və meyit Dəvəçidəki morqa aparılıb. Əziz Həziyevin yaxınları meyitin yarılmasına etiraz etsələr də, ekspertiza baş tutub. Siyəzən rayon Polis Şöbəsinin ümstəntiqi Elmar Əhmədli ANS PRESS-ə bildirib ki, Əziz Həziyevin ölümünün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq. Lakin müstəntiqin sözlərinə görə, zahirən mərhumun bədənində zorakılıq əlamətləri aşkar edilməyib. Mərşumun qohumlarının iddialarını Siyəzən rayon Polis Şöbəsinin rəis müavini Rizvan Ramazanov və Zarat yol polisi postunun əməkdaşı Əmir Məmmədrzayev rədd ediblər.
Əziz Həziyevin şəkər və ürək xəstəliklərindən əziyyət çəkdiyi bildirilir. ANSPRESS





DOSTLARINLA PAYLAŞ:

oyunlar