Siyəzən rayonunda qətl hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə ötən axşam saat 00:50 radələrində qeydə alınıb. Belə ki, Həzi Aslanov 39 ünvanında yaşayan 28 yaşlı Emin Feyzulla oğlu Rzayev bıçaq xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Siyəzən rayon Prokurorluğunun müstəntiqi Ramiz Nəbiyevin ANS PRESS-ə verdiyi məlumata görə, artıq qətli törətməkdə şübhəli bilinən şəxs yaxalanıb. Bu, Siyəzən rayon sakini 26 yaşlı Zamiq Bayram oğlu Vəliyevdir. Həmyerlilər arasında düşən mübahisəyə mərhumun Zamiq Vəliyevin əmisi oğlu- Samiq Vəliyevi işlədiyi şirniyyat dükanında döyməsi olub.
Artıq faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, Emin Rzayevə 5 bıçaq zərbəsi endirilib. Onun meyiti hazırda Dəvəçi şəhər morqundadır. Tibbi ekspertizadan sonra meyit ailəsinə təhvil veriləcək. /ANS PRESS/