Siyəzəndə piyadanı maşın vurub
09 Noyabr 2010 Çərşənbə Axşamı 21:40
18 yaşlı Fərrux Abbasovun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Bu gün saat 15.15 radələrində Siyəzən rayonunun Yenikənd ərazisində 18 yaşlı piyadanı maşın vurub. Belə ki, kənd ərazisində mərkəzi asfalt yoldan köməkçi yola keçərəkən həmin kəndin sakini Abbasov Fərruxu Bakı şəhər sakini Tural Allahverdi oğlu Məmmədov idarə etdiyi "VAZ 21 011" markalı avtomaşınla vurub. Siyəzən rayon polis şöbəsinin müstəntiqi Mirqalib Qənbərov ANS PRESS-ə verdiyi məlumata görə, araşdırma nəticəsində Tural Məmmədovun sürücülük vəsiqəsinin olmadığı və idarə etdiyi maşının xalasının həyat yoldaşı Qardaşəli İsmayılova məxsus olduğu müəyyən edilib.

Xəsarət alan 18 yaşlı Abbasov Fərrux yaxındakıların köməyi ilə Siyəzən Regional Müalicə Diaqnostika mərkəzinə yerləşdirilib. ANS PRESS-ə verilən məlumata görə, xəstə burun, qarın və sağ diz nahiyyəsindən xəsarət alıb və beyin silkələnməsi ilə xəstəxanaya çatdırılıb. Siyəzən Regional Müalicə Diaqostika Mərkəzinin baş həkim müavini Mirələm Cəlalov bildirib ki, xəstəyə ilkin yardım göstərilib və müalicə proseduru davam etdirilir. Fərrux Abbasovun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Siyəzən rayon polis şöbəsinin müstəntiqi Mirqalib Qənbərovun sözlərinə görə, hadisəsi törədən şəxsin hazırda ifadəsi alınır. Faktla bağlı araşdırmalara başlanılıb. Xəstənin aldığını xəsarətlərə uyğun cinayət işinin açılıb-açılmayacağına baxılacaq. Həmçinin faktla bağlı avto-ekspertiza da başlanılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar