Siyəzən rayonunun iki kəndində 35 hektar taxıl sahəsi yanıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, ilk hadisə yanğın rayonun Eynibulaq kəndində baş verib. Kənd sakinlərinin sözlərinə görə, zəmilərin yanmasına səbəb yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin qırılması olub. Nəticədə 10 hektar taxıl sahəsi yanıb. Dərhal hadisə ilə bağlı rayon icra hakimiyyətinə, elektrikşəbəkəyə və yanğınsöndürmə hissəsinə məlumat verilib.
"Siyəzənelektrikşəbəkə"nin rəisi Mübariz Abdulov ANS PRESS-ə açıqlamasında ərazidə elektrik xəttinin qırılması ilə bağlı faktı təkzib edib. Onun sözlərinə görə, şəbəkə xətti özü açıb və yoxlayıb.
Siyəzən Dövlət Yanğın Təhlükəsizlik Hissəsinin rəisi Kamil Əliyev isə faktı təsdiqləyib və bildirib ki, yanğının qarşısının alıması üçün 3 maşın göndərilib. Alovların qarşısını iki saata almaq mümkün olub.
Digər hadisə isə Yenikənd yaşayış sahəsində qeydə alınıb. Burada isə yanan sahə 25 hektar təşkil edir.
Siyəzən icra başçısının aqrar məsələlər üzrə müavini Tağı Babayevin ANS PRESS-ə verdiyi məlumatda Eynibulaq kəndindəki yanğının elektrik xəttinin qırılması nəticəsində baş verdiyini təsdiqləyib. "Yenikənəddəki yanğının səbəbi isə araşdırılır. İcra başçısı zərərçəkənləri qəbul edib və onlara kömək etməyə çalışacağı barədə söz verib".
Xatırladaq ki, anolji hadisə bir necə gün öncə Masallı rayonunda da baş vermişdi. Şahidlərin sözlərinə görə, yaxınlıqda mal-qara otaran uşaqların odla ehtiyatsız davranması nəticəsində 10 hektar taxıl zəmisi külə dönmüşdü. /ANS PRESS/