Siyəzən broyler işçisi İlqar Əsədov özünü yandırıb
08 Noyabr 2010 Bazar Ertəsi 20:25
Maaşını ala bilməyən Siyəzən broyler işçisi İlqar Əsədov intihara cəhd edib.
Bu gün səhər saat 10:30 radələrində Şabran rayonunun Ağalıq kənd sakini, 43 yaşlı Əsədov İlqar Sahib oğlu özünü yandırıb. Bu barədə bölgə müxbirimizə Siyəzən rayon Polis Şöbəsinin rəis müavini Yusif Ələsgərov məlumat verib. Onun sözlərinə görə, hadisə “Siyəzən broyler” quşçuluq fabrikinin qarşısında baş verib. 4 aydır əməkhaqqı ala bilməyən İlqar Əsədov etiraz əlaməti olaraq şirkətin qarşısında üstünə benzin tökərək özünü yandırıb.
İlqar Əsədov Siyəzən regional müalicə diaqnostika mərkəzinə yerləşdirilib. Mərkəzin baş həkiminin müavini Mirələm Cəlalovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Əsədovun bədəninin 60 faizi yanıb. Onun vəziyyəti ağır olduğundan ilkin tibbi yardımdan sonra Respublika Yanıq Mərkəzinə göndərilib.
Hazırda faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır. Yusif Ələsgərovun sözlərinə görə, sübutlar toplanıldıdan sonra rayon prokurorluğuna təhvil veriləcək.
Qeyd edək ki, İlqar Əsədov əməkhaqqı ala bilmədiyindən noyabrın 5-də öz ərizəsi ilə işdən çıxıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: