Şirvan Oil firmasına məxsus neft quyusunda partlayış baş verib
21 İyun 2011 Çərşənbə Axşamı 21:23
Şirvan Oil firmasına məxsus neft quyusunda partlayış baş verib. Hadisə zamanı quyuda olan qaynaqçı ağır yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
“Şirvan oil” müəssisəsinə məxsus mədənlərdən birində partlayış baş verib. Hadisə zamanı quyuda olan qaynaqçının ağır yanıq xəsarəti aldığı bildirilir. Şirkətə məxsus 2-ci neft-qaz çıxarma sahəsinin ərazisindəki bir neçə il bundan qabaq fəaliyyətini dayandıran neft quyusunun işini bərpa edərkən, qaynaq aparatından istifadə olunub. Bu zaman borunun yuxarı hissəsinə toplanan qaz konsentratı partlayıb. Qaynaq aparatında işləyən Salyan rayonunun Qarabağlı kənd sakini, 58-yaşlı Həsənqulu Mürsəlov qəza nəticəsində ciddi bədən xəsarətləri alıb. İlkin tibbi yardımdan sonra vəziyyəti ağır olduğundan H.Mürsəlov Bakıdakı 5-saylı kilinik yanıq xəstəxanasına gətirilib.

ANS TV-nin çəkiliş qrupu partlayış baş verən əraziyə girmək istəsə də, mühafizəçilər onların qarşını alıb və onları həmin əraziyə buraxmayıb. Onlar bildirdilər ki, içəridə rəhbərlikdən heç kim yoxdur.

Zərərçəkənin oğlu Mehdi Mürsəlovun sözlərinə görə, onlar ancaq axşamüstü biliblər ki, saat 4-5 radələrində belə bir hadisə baş verib: “Ağır yanıqla atamı 5-saylı şəhər xəstəxanasına yerləşdiriblər. Vəziyyəti ağırdır”.

Zərərçəkənin bacısı Xırdaxanım Ələkbərova isə bildirib ki, həkimlər qardaşının vəziyyətini çox ağır qiymətləndirir.

“Şirvan oil”in 2-saylı neft-qaz çıxarma idarəsinin rəisi şifahi olaraq bildirdi ki, bu hadisəyə münasibət bildirmək onun səlahiyyətinə aid deyil.

Aldığımız son məlumatlar görə, ciddi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Həsənqulu Mürsəlovun vəziyyəti daha da ağırlaşıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar