Silahlı şəxs 13 nəfəri qətlə yetirib
04 Aprel 2009 Şənbə 11:00
Asiya mənşəli naməlum şəxs ABŞ-ın Nyu-York ştatının Binqemton şəhərində Amerika Vətəndaş Assosiasiyasının binasına daxil olaraq, 13 nəfəri qətlə yetirib, 4 nəfəri isə yaralayıb.
APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, aprelin 3-də yerli vaxtla saat 10.30-da (Bakı vaxtı ilə saat 19.30) binaya daxil olan naməlum şəxs ilk olaraq iki katibəyə atəş açıb. Katibələrdən biri yerindəcə keçinib, ikincisi isə özünü ölülüyə vuraraq sonradan 911 xidmətinə zəng edə bilib. Məhz bu zəng nəticəsində polis 2 dəqiqədən sonra hadisə yerinə gəlib.

Silahlı şəxs isə assosiasiyanın əməkdaşlarını, ingilis dili öyrənən tələbələri atəşə tutub, sonra isə otaqlardan birində özünü öldürüb. Hadisə nəticəsində 13 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir. Hadisə yerindən iki odlu silah götürülüb.

Polis 33 nəfəri binadan çıxara bilib. Yaralanmış 4 nəfərin vəziyyəti ağırdır.

Məlumatlara görə, hadisə əvvəldən hazırlanıb. Lakin polis hələlik bununla bağlı rəsmi açıqlama vermir.

Polisdəki mənbə isə hadisəni tərədən şəxsin üzərində Civerli Vonqa aid (Jiverly Voong) sənədlərin olduğunu bildirib. Sky News isə həmin şəxsin Lin Phat Vonq adlı şəxs olduğu və Nyu-Yorkda Conson Sitidə yaşadığı barədə məlumat yayıb. Hadisənin motivləri barədə hələlik bilgi yoxdur.

Avropada səfərdə olan ABŞ prezidenti Barak Obama baş verənlərdən təəssüfləndiyini bildirib, həlak olanların və yaralananların ailələrinə başsağlığı verib.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar