Sifarişlə adam öldürən şəxs cəzaçəkmə müəssisəsində öldü
20 Oktyabr 2010 Çərşənbə 11:45
Sifarişlə adam öldürən şəxs üçüncü mərtəbədən yıxılıb.
Bakının Nizami rayonunda yerləşən Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, ötən gün 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 36 yaşlı İkram Müzəffər oğlu Həmidov 6 saylı dəstənin yataqxanasının üçüncü mərtəbəsindəki pəncərədən yıxılaraq ölüb. Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, İ.Həmidov bu ilin fevralında Kürdəmir rayonunun Dəyirmanlı kəndində qeyri-rəsmi yaşadığı Reyhan Qurbanovanı boğaraq öldürüb. O, AR CM-nin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: