“Yemenia Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Hind okeanına düşüb.
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, iyunun 29-da səhər “A330-200” təyyarəsi ilə Parisdən Yəmənin paytaxtı Sanaya gələn sərnişinlər burada “A310-300” tipli təyyarəyə əyləşərək Komor adalarının paytaxtı Moroni şəhərinə yola düşüblər. Moroni hava limanına enməyə 1 saat qalmış təyyarə radardan itib. Adanın hakimiyyət orqanları təyyarənin okeana düşdüyünü bildiriblər. Onlar qəza-xilasetmə tədbirləri həyata keçirmək üçün lazımi vasitələrə malik olmadıqlarını deyiblər. Təyyarənin içində 142 sərnişin və 11 ekipaj üzvü olduğu xəbər verilir. Onlar Fransa və Komor vətəndaşlarıdır.
Xatırladaq ki, iyunun 1-də Braziliyanın Rio-de-Janeyro şəhərindən Parisə uçan “Air France” aviaşirkətinə məxsus “A330-300” təyyarəsi Atlantik okeanına düşüb. Təyyarədəki 126 sərnişin və 12 ekipaj üzvü ölüb. Onlardan yalnız 51-nin cəsədi tapılıb.
APA