Şəkidə həbs edilən şəxslərin məhkəməsi keçirilir
01 Aprel 2011 Cümə 13:16
Şəki rayon İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə sabiq müavini Eldəniz Qəhrəmanov və İcra Hakimiyyətinin sabiq şöbə müdiri, şəhərin baş memarı olmuş Yusif Abdurahmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, hakim Kamran Süleymanovun sədrliyi ilə keçirilən iclasda cinayət işi üzrə 27 nəfərin şahid qismində dindiriləcəyi bildirilib. Proses aprelin 6-da davam etdiriləcək.
İttihama görə, bu ilin fevralın 3-də Şəki rayon İcra hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Eldəniz Qəhrəmanov və İcra Hakimiyyətinin şöbə müdiri, şəhərin baş memarı Yusif Abdurahmanov xidməti səlahiyyətlərinin hüdudlarından kənara çıxan hərəkətlər edərək, Şəki şəhərinin Fuad Abdurahmanov küçəsində Elfanə Səlimovaya ayrılmış ərazidə tikilmiş mağazaya gəliblər. Onlar məhkəmə qərarı olmadan mağazanın və mağaza qarşısında tikilmiş açıq talvarın sökülməsi üçün qanunsuz göstərişlər verib, həmin tikililərin bir hissəsinin traktor-ekskavatorla uçurulub-dağıdılmasına nail olublar. Elə həmin gün buna etirazını bildirən Elfanə Səlimovanın atası, 1952-ci il təvəllüdlü Səlimov Hikmət Əhməd oğlu özünü Kiş çayı üzərindəki Qoxmuq körpüsündən ataraq intihar edib.
Məlum hadisədən sonra Eldəniz Qəhrəmanov və Yusif Abdurahmanovun əməllərində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsinin əlamətləri olduğundan onların barələrində fevralın 4-də həmin maddə ilə cinayət işi başlanıb və istintaqın aparılması Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb. Eldəniz Qəhrəmanov və Yusif Abdurahmanov barəsində fevralın 5-də həbs-qətimkan tədbiri seçilib.
DOSTLARINLA PAYLAŞ: