Şəki meşələri 3 gündür alov içindədir
20 Dekabr 2010 Bazar Ertəsi 11:30
Artıq 10 hektara yaxın ərazidə meşə ağacları yanıb
Azərbaycanın Şəki rayonunda dağlıq ərazidə meşə yanğınları başlayıb. Şəki rayon Fövqəladə Hallar Komissiyasının sədri Valeh Ələkbərovun ANS PRESS-ə verdiyi məlumata görə, rayonun 3 kəndində 17 dekabrda başlayan meşə yanğınları nəticəsində artıq 10 hektardan çox ərazidə ağac və kol-kos yanıb.
Yanğınlar Baş Kəldək, Baş Küngüt və Baş Zəyzid kəndlərinin dağlıq ərazilərini əhatə edir. Hazırda Baş Kəldək kəndində yanğının qarşısı alınmaq üzrədir. Digər kəndlərdə isə yanğın nəzarət altına alınıb. Əraziyə yanğınsöndürmə texnikası və canlı qüvvələr cəlb olunub. Kəndlərin əhalisi də alovun söndürülməsində iştirak edir.
Yanan ağaclar isə əsasən dağlarda bitən yabanı ağaclardır.
Hadisənin nə səbəbdən baş verməsi barədə hələlik heç bir versiya irəli sürülmür.
DOSTLARINLA PAYLAŞ: