“Şaxta baba”nı öldürdülər
03 Yanvar 2012 Çərşənbə Axşamı 01:53
Tacikistanda fanatik dindarlar Yeni ildə yaxınlarını təbrik etmək istəyən gənci bıçaqlayıblar.
Tacikistanda Şaxta baba geyimində olan gənc qətlə yetirilib. Yaxınlarını təbrik etmək üçün Şaxta baba kimi geyinən Düşənbə sakini Pərviz Dövlətbəyov fanatik dindarlar tərəfindən bıçaqlanıb. Yerli KİV-in hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, gənc çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib.
30-a yaxın adam evinin qarşısında gəncə hücum edərək, onu “Kafir” adlandırıblar. Tacikistanın Daxili İşlər Nazirliyi isə hadisəni adi məişət cinayəti hesab edir.
Qeyd edək ki, ötən il dekabrın 30-da Tacikistanın müftisi müsəlmanları xristianların bayramı olan Yeni ili qeyd etməməyə çağırıb. Onun fikrincə məsəlmanlar öz adətlərinə sadiq olmalıdırlar: “Yeni il yolkasının bəzənməsi, oyunlar, rəqslər bizim mədəniyyətimizin bir hissəsi deyil. Yeni ilin bayram edilməsi tək İslam qanunlarına yox, həm də taciklərin adətlərinə ziddir”.
Bununla belə, Tacikistanda Yeni il yüksək səviyyədə qeyd olunub. Ölkə prezidenti hər il olduğu kimi xalqa müraciət edib.
DOSTLARINLA PAYLAŞ: