Şamaxıda qanunsuz ov edən ərəblər saxlanılıb
31 Mart 2011 Cümə Axşamı 00:50
Ərəbləri ova Bakı sakini aparıbmış
Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən reydlər ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə təşkil edilib.
Şamaxı rayonunun qışlaq ərazisinin Küdrü adlanan sahəsində avtomobillə qanunsuz ovla məşğul olan Bakı şəhər sakini Elxan Əliyev və 3 ərəb mənşəli şəxs saxlanılıb. Avtomibildən E.Əliyevə məxsus 1 ov tüfəngi aktlaşdırılaraq götürülüb və həmin şəxs barəsində inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub.
Samux Ovçuluq Təsərrüfatının ərazisində də qanunsuz ovla məşğul olan Samux rayonu Qədili kənd sakini Razin Daşdəmirov saxlanılaraq ondan 1 ov tüfəngi və 1 patron götürülüb. Həmin şəxs barəsində müvafiq akt və protokol tərtib olunaraq 1000 manat məbləğində cərimə edilib.
DOSTLARINLA PAYLAŞ: