Şamaxıda narazılığa səbəb olan eşşək heykəlini “KamAZ” dağıtdı
05 İyul 2011 Çərşənbə Axşamı 00:44
Sürücüsünün idarəetməni itirdiyi betonla dolu yük maşını heykələ çırpılıb.
Şamaxı kəndlərinin keçmişdəki və bu günkü məişət şəraitinin, adət - ənənələrinin nümayiş etdirilməsi üçün yaradılan abidə dağıdılıb. APA-nın məlumatına görə, Şamaxı rayon sakini 1988-ci il təvəllüdlü Niftəliyev Vüqar Əziz oğlu betonla dolu “KamAZ” markalı yük maşını ilə Bakı-Şamaxı yolunda hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq eşşək heykəlini və arabasını dağıdıb. Yol ayrıcındakı yaşıllıq əraziyə qoyularaq turistlərə nümayiş etdirilən nehrə, saxsı su qabları, kənd alətləri, tarix-diyarşünaslıq muzeyinin qədim kənd həyatı ilə bağlı eksponatları, eləcə də simvolik olaraq at və dağ keçisi heykəllərinə ziyan dəyməyib.

Məlumata görə “KamAZ”ın sürücüsü yolda qarşısına çıxan minik avtomobilini vurmamaq üçün maşının istiqamətini dəyişərək heykəllərə tərəf yönəldib.

Xatırladaq ki, bir həftə öncə Şamaxı şəhərinin giriş hissəsinə qoyulmuş eşşək heykəli yerli əhalinin narazılığına səbəb olmuşdu.

DİN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Ehsan Zahidov “Azadlıq” radiosuna deyib ki, iyulun 4-də Şamaxı polisinə məlumat daxil olub ki, abidə bir “KamAZ” maşını tərəfindən dağıdılıb. Polis araşdırma aparıb və sürücünün şəxsiyyətini müəyyənləşdirib. Ehsan Zahidov bildirib ki, sürücünü polisə gətirən zaman o, müqavimət göstərib, şöbədə isə pəncərə şüşələrini qırıb: “Buna görə də iş rayon prokurorluğuna verilib. Sürücüdən isə izahat alınıb və o sərbəst buraxılıb”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar