Samara vilayətində azərbaycanlılarla taciklər arasında dava düşüb
08 May 2011 Bazar 15:07
Hadisə zamanı taciklər həmyerlimizi döyüblər.
Rusiyanın Samara vilayətində “Tretya ovoşnaya baza” adlanan ərzaq bazarında azərbaycanlar ilə taciklər arasında insident yaranıb. Bazarda çalışan azərbaycanlı Fəxrəddin Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, belə mübahisələr və davalar tez-tez baş verir. Hər dəfə də günahkar və döyülən tərəf azərbaycanlılar olur.
“Bu bazarda tez-tez dava düşür. Bazarda taciklər çox olduğu üçün birləşib azərbaycanlıları döyürlər. Hər bir xırda məsələ üstündə bizi incidirlər. Məhsulu ucuz almaq istəyirlər, biz vermirik. Başqa millətdən olan alıcılara satanda bizimlə dalaşırlar. Burada həm ruslarla, həm də digər millətdən olan insanlarla dil tapa bilirik, amma taciklər heç cür bizimlə qaynayıb-qarışmaq istəmir. Hər gün bir azərbaycanlını döyürlər. Bu səhər də bir nəfəri çox pis hala saldılar. Güclə əlllərindən aldıq”, - deyə Fəxrəddin Həsənov əlavə etdi.
Məsələ ilə əlaqədar Samara vilayəti Azərbaycan Liqasının sədri Şirvan Kərimov isə ANS PRESS-ə açıqlamasında həqiqətən də bu səhər azərbaycanlının bazarda döyüldüyü faktını təstiq etdi. Eyni zamanda o, bazarda taciklərin azərbaycanlılara qarşı elə də pis münasibət bəsləmədiyini əlavə etdi. Onun sözlərinə görə, problem sadəcə anlaşılmazlıq üzündən baş verib.
“Sizə deyilən kimi, bazarda azərbaycanlılara qarşı münasibət pis deyil. Sadəcə burada insanların savadsızlığı üzündən yaranan mübahisələrdir ki, sonda dava ilə nəticələnir. 3-4 gün bundan öncə belə bir hadisə baş vermişdi. Bu səhər də bir azərbaycanlı taciklər tərəfindən döyülüb. Polis çağırmışıq, gəlib araşdıracaqlar. Ümumilikdə isə burada azərbaycanlılara münasibət pis deyil”, - deyə Şirvan Kərimov vurğuladı.
Qeyd edək ki, Şirvan Kərimov problemin yaranmasında hansısa qüvvələrin maraqlı olduğunu bildirdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: