Sahibsiz at Bakıda gecə sükutunu pozdu
04 Mart 2011 Cümə 12:31
Yasamal rayon sakinləri gecə küçədə gəzən at tapıblar
Bu gecə paytxat Bakıda maraqlı hadisə baş verib. ANS TV-nin məlumatına görə, gecə hər kəs şirin yuxuda olan zaman Yasamal rayonu 3-cü Alatava qəsəbəsində yaşayan bir qrup sakin qeyri-adi hadisə ilə üzləşiblər.
Şərifzadə küçəsi ilə rayon-kənd yerlərində görməyə alışdığımız atın hərəkət etdiyini görən sakinlər, təəccüblərini gizlədə bilməyiblər. Vətəndaşların sözlərinə görə, heyvan bir müddət Şərifzadə küçəsində nəqliyyat vasitələrinin normal hərəkət etməsinə də maneçilik törədib. Buna görə də köməkləşərək atın ipini ələ keçirən iki gənc həm atın hansısa hadisəyə səbəb olmasının qarşısını alıblar, həm də nəqliyyatın normal hərəkətini bərpa ediblər.
Atı tapan şəxslər dilsiz-ağılsız heyvanı Yasamal rayon Polis İdarəsinə aparmağa qərar veriblər. Polis idarəsinin əməkdaşları atın tapıldığı yerin 29-cu polis bölməsinin inzibati ərazisi olduğunu bildiriblər və bölmənin əməkdaşlarını idarəyə dəvət ediblər.
Atı saxlayan şəxslərin izahatı alınandan sonra heyvan 29-cu polis bölməsinin əməkdaşlarına təhvil verilib.
29-cu bölmənin təhqiqatçısı Azər Əmiraslanovun sözlərinə görə, bölməyə atın itməsi ilə bağlı müraciət edən olmayıb. Bu səbəbdən at protokollaşdırılaraq at yetişdirmə müəssisəsinə təhvil veriləcək.
DOSTLARINLA PAYLAŞ: