Sabunçuda taksi sürücüsü pulla dolu çantanı götürərək qaçıb
31 Oktyabr 2011 Bazar Ertəsi 23:25
Çantanın içərisində 300 manat və 10 min dollar pul olub.
Sabunçu qəsəbəsi Elşən Mahmudov küçəsi, 14 saylı evdə yaşayan 38 yaşlı Elmira Məmmədova evinin qarşısında qarət olunub. Naməlum şəxs onun içərisində 300 manat və 10 min dollar pul olan çantasını götürərək qaçıb.

Qadın ilk olaraq həmin şəxsin ona kömək etdiyini zənn etsə də, sonradan həmin şəxsin qaçdığının şahidi olub. Bundan sonra zərərçəkən Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ərizə ilə müraciət etmək məcburiyyətində qalıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxslərdən biri, 54 yaşlı Vəliyev İlyas Hökumət oğlu saxlanılıb.

Polislər tərəfindən saxlanılandan sonra İlyas Vəliyev Elmira Məmmədovanı qarət etdiklərini boynuna alıb. O, taksi sürücü kimi fəaliyyət göstərsə də, hadisə günü digər dəstə üzvləri ilə birlikdə soyğunçuluğa getdiyini etiraf edib.

Əldə etdiyimiz ən son məlumata görə, İlyas Vəliyevlə birlikdə zərərçəkən Elmira Məmmədanın pulunu qarət edən digər şəxslər də artıq saxlanılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən 3 nəfər şəxs - Toğrul Kərimov, Samir Hüseynov və Əli Cabbarov da saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Sabunçu rayonu Polis İdarəsində dəstə üzvlərinin hər biri barəsində Cinayət Məcəlləsinin 180.2.1 “Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama” maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar