Şabrandayol qəzasında BDU-nun müəllimi yaralanıb
07 Mart 2011 Bazar Ertəsi 01:36
Qəza “Toyota-Prado” markalı avtomobilin bir-neçə dəfə aşması nəticəsində baş verib
Ötən axşam Bakı-Quba yolunun 135-ci kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saat 19.50 radələrində yolun Şabran rayonu Aygünlü kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

Hadisə yerinə Baş Dövlət yol polisi idarəsi istintaq və təhqiqat şöbəsinin əməkdaşları cəlb olunub. Baş müstəntiq Hikmət Kərimov qəzanın “Toyota-Prado” markalı avtomobilin sürücüsünün gözünə Quba istiqamətində hərəkət edən “Kamaz” markalı avtomobilin işığının düşməsi səbəbilə avtomobili yolun ehtiyyat hissəsinə sürməsi və bir-neçə dəfə aşması nəticəsində baş verdiyini bildirib.

Qəzada 59 yaşlı Abbasov Abbas Bəhlul oğlu həyatını itirib. Mərhumun meyiti Şabran rayon morquna aparılıb.

Hadisə nəticəsində xəsarət alan sürücü Bakı sakini 59 yaşlı Əliyev Şahvələd Abbas oğlu və Bakı Dövlət Universitetinin müəllimi olan sərnişin Həsənəliyev Zeynal Mədət oğlu müxtəlif xəsarətlərlə Quba rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Həkimlər Ş. Əliyevə sol göz yuvasının qematoması, Z. Həsənəliyevə isə sağ təpə nahiyəsinin sıyrıq və zədələnməsi diaqnozu qoyub.

Digər sərnişin 64 yaşlı Rəhman Əsədov isə Şabran rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb. Baş dövlət yol polisi idarəsinin istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Hikmət Kərimov hadisənin baş vermə səbəbinin aydınlaşdırılması üçün avtotexniki ekspertiza təyin ediləcəyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar