Şabranda qəbir daşlarını sındıran manyak tutulub
13 Dekabr 2010 Bazar Ertəsi 23:05
54 yaşlı Arif Əliyev müvəqqəti təcridxanaya salınıb
Şabranda qəbir daşlarını sındıran manyak peyda olub. Rayon mərkəzi yaxınlığındakı Xaltan adlanan qəbiristanlıqda artıq onlarla qəbir yararsız hala salınıb. Məzarlıq qənimi bir neçə qəbrin baş daşını sındırıb, şəkilləri tanınmaz vəziyyətə qoyub. Məzarların bir qismini qazıb, bəzilərini isə qara rəngə boyamaqla təhqir edib.
Şabran polis şöbəsinin təhqiqatçısı Tural Qəniyev bildirib ki, müayinə zamanı qəbirlərin əksəriyyətinin sındırılaraq yararsız hala salındığı müəyyən edilib: “Üzərinə mazut maddə tökmüş, qəbirləri qazaraq yararsız hala salıb”.
Əhali bu vandalizm aktını törədəni ifşa etməyə qərar verib. Təhqirlərə dözməyən yerli sakinlər artıq aşkar edilərək yaxalanmış, qəbirdaşı manyakının təcrid olunmasını istəyib. Ağlasığmaz əməlləri ilə şabranlıları şoka salan elə həmyerli çıxıb. Arif Əliyev adlı bu şəxs hərəkətinə haqq qazandırıb. Guya ona cadu edilib, ailəsinin ruzusu qəbiristanlıqda əlindən alınıb. ANS-ə müsahibəsində o etdiyi əməli etiraf edib: “Bəli, sındırmışam. Oraya yalançı qəbirlərin portretini qoyublar. Bizim ailənin ruzusunu basıbdır”.
Qeyd edək ki, 54 yaşlı Arif Əliyev müvəqqəti təcridxanaya salınıb. Hələlik Arif Əliyevin fiziki-mənəvi durumu barədə araşdırma aparılır. Onun ruhi xəstə olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin olunub.
DOSTLARINLA PAYLAŞ: