Bakı. Hafiz Heydərov - APA. Noyabrın 22-də Rusiya paytaxtında öldürülən azərbaycanlıların Zaqatala sakinləri olduğu məlum olub.
APA-nın xəbərinə görə, 44 yaşlı Kamil Kaştayev Zaqatala rayonunun Car kəndinin, 43 yaşlı Əziz İsmayılov isə Zaqatala şəhər sakinidir. Onların hər ikisinin meyiti ötən gün rayona gətirilərək, dəfn olunub.
Xatırladaq ki, Kamil Kaştayev və Əziz İsmayılov “Mazda 6” markalı avtomobildə gedərkən “Audi” markalı maşın onların qarşısını kəsib. Maşında əyləşənlərin avtomat silahdan açdığı atəş nəticəsində hər iki soydaşımız ölüb.
Rusiya mətbuatı 44 yaşlı Kamil Kaştayevin azərbaycanlılardan ibarət cinayətkar qruplaşmanın lideri olduğu barədə məlumat yayıb. Məlumatda bildirilir ki, o, zorla pul almaq və insan oğruluğu ilə bağlı cinayətlərə görə dəfələrlə məhkum olunub, hətta bir vaxtlar barəsində federal axtarış elan edilib.