Rusiyada azərbaycanlı 2 təqaüdçünün qətlində şübhəli bilinir
25 Aprel 2011 Bazar Ertəsi 11:30
Nizaməddin Adıgözəlova qarşı cinayət işi qaldırılıb
Bu günlərdə Rusiyanın Tümen şəhərinin eyni adlı küçəsində yerləşən şəxsi evdə üzərində zorakılıq əlamətləri olan iki təqaüdçünün meyiti aşkar olunub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, törədilən qətllərdə Azərbaycan vətəndaşı şübhəli bilinir və fakt üzrə cinayət işi qaldırılıb.

Rusiya Federasiyası İstintaq Komitəsinin Tümen vilayəti üzrə İstintaq İdarəsindən verilən məlumata görə, aprelin 21-i səhər 62 və 75 yaşlı iki təqaüdçünün meyiti tapılıb. Elə həmin gün aparılan operativ-axtarış tədbirləri zamanı hadisədə şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılıb. Bu daimi yaşayış yeri olmayan və Rusiya ərazisində qanunsuz yaşayan 30 yaşlı Azərbaycan vətəndaşı Nizaməddin Adıgözəlov olub.

Saxlanılandan sonra Nizaməddin istintaqa 62 yaşlı təqaüdçünün şəxsi evindəki otaqlardan birində kirayə qaldığını bildirib. Aprelin 21-i gecə o, ev sahibi və onun 72 yaşlı dostu ilə spirtli içki qəbul edib.

Şübhəli şəxsin bildirdiyinə görə, süfrə başında o, babasının Böyük Vətən müharibəsi zamanı itkin düşdüyündən danışıb, lakin təqaüdçülər ona inanmayıblar. Belə olan təqdirdə isə Adıgözəlov masa üzərindəki bıçağı götürərək təqadüçülərin bədənlərinə və başına təqribən 50 zərbə endirib və zərərçəkənlər elə yerindəcə canlarını tapşırıblar.

Hazırda Nizaməddin Adıgözəlova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə (İki şəxsin qətlə yetirilməsi) cinayət işi qaldırılıb.

Cinayət işinin araşdırması davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar