Rusiya vətəndaşı Siyəzəndə qəza törətdi: 4 yaralı
08 Sentyabr 2011 Cümə Axşamı 23:13
54 yaşlı Rafiq Balamedovun idarə etdiyi "Daewoo Nexia" "KamAZ"a çırpılıb.
Bakı-Rusiya sərhədi yolunun 112-ci kilometrində, Siyəzən rayonu ərazisində 4 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. Qəzaya uğrayanlar Rusiya paytaxtından Balakən rayonuna gedirlərmiş. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Arzu Əliyevin məlumatına görə, Rusiya vətəndaşı 54 yaşlı Rafiq Balamedov idarə etdiyi “Daewoo Nexia” markalı avtomaşınla Bakı istiqamətinə gələrkən qarşıda gedən “KamAZ”a çırpılıb. Nəticədə sürücünün həyat yoldaşı, 35 yaşlı Metet Hənəfəyeva və iki azyaşlı qızı, eləcə də avtomobildəki digər sərnişin, 44 yaşlı Vahid Bayramov müxtəlif bədən xəsarətlərilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.
ANS-in əldə etdiyi məlumata görə, “KamAZ”ın sürücüsü Bakı sakini Bahadur Əmirov və “Daewoo”nun sürücüsü Rafiq Balamedov heç bir xəsarət almayıb.
Siyəzən Regional Mərkəzdə kəllə-beyin zədəsindən müalicə alan yaralı Vahid Məmmədovun vəziyyəti daha ağırdır. Onun müayinəsi üçün Bakıdan neyrocərrah dəvət edilib. Sürücünün həyat yoldaşı və iki uşağının müalicəsi isə davam etdirilir.
Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırmalar gedir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: