Tanınmış jurnalist Rafael Mustafayevi avtomobillə vuran sürücü İsmayıl İsmayılovun prokuror oğlu olduğu məlum olub.
Bu barədə
APA-ya Yasamal Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, İ. İsmayılovun atası Behbud İsmayılov uzun illər Respublika Baş Prokurorluğunda çalışıb və məhz məlum hadisədən sonra B. İsmayılov baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, hadisə noyabrın 14-də Şərifzadə küçəsi, 165 ünvanında qeydə alınıb. İ. İsmayılov idarə etdiyi maşınla piyadalar Rəfael Mustafayev və Qasım Muradpuru vurub. Nəticədə ağır xəsarətlər alan piyadalar sürücüdən onları xəstəxanaya çatdırmalarını xahiş ediblər. Sürücü əvvəlcə onları maşına götürsə də, sonradan Z. Kərimov küçəsində ataraq qaçıb. R. Mustafayev orada dünyasını dəyişib. Q. Muradpur isə sonradan xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, qəzada ölən R. Mustafayev 1955-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Neft Kimya Akademiyasını bitirib. Bir sıra yerli informasiya agentliklərində çalışan R. Mustafayev Rusiyanın “Kommersant”, “Novıe İzvesiya” qəzetləri ilə də əməkdaşlıq edib. 2004-cü ildən Rusiyanın “Reqnum” informasiya agentliyinin əməkdaşı olub.
R. Mustafayev ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin böyük qardaşıdır.