Qusar rayonunda qardaş qardaşı qətlə yetirib. ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Ləgət kəndində Faiq Şıxsadayevin toyunda baş verib.
Qusar rayon prokuroru Zahid Vəliyevin verdiyi məlumata görə, 34 yaşlı Qurban Şıxsadayev qardaşı Nəriman Şıxsadayev tərəfindən bıçaqlanıb. Bıçaq ürəyi zədələdiyindən o, hadisə yerində keçinib.
Hadisə digər qardaş Faiq Şıxsadayevin toyunda baş verib. Qurban, Aslan və Nəriman Şıxsadayev qardaşları mübahisə ediblər və Nəriman evdən gətirdiyi bıçaqla Qurbanı döş qəfəsindən vurub. Nəriman Şıxsadayev şübhəli şəxs qismində Qusar polisi tərəfindən saxlanılıb və istintaqa cəlb olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Ölən Qarban Şıxsadayev Bakının Köhnə Suraxanı qəsəbə sakinidir.
Aytəkin Alxaslı /ANS PRESS/