Qusar rayonunun Salehoba kəndində qətl hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kənd məktəbinin 8-ci sinif şagirdi olan 15 yaşlı oğlan 13 yaşlı qardaşını qətlə yetirib.
Qusar Rayon Polis İdarəsinin Samur polis bölməsinin rəisi Ədalət Qafarovun sözlərinə görə, kiçik qardaş-6-cı sinif şagirdi Yusif Əliyev böyük qardaşı Ramil Əliyevə (adlar şərtidir) evdə başlanan mübahisə nəticəsində sillə vurub. Bundan əsəbiləşən Ramil Əliyev mətbəx bıçağı ilə qardaşının qarın nahiyəsinə iki zərbə vurub. Y.Əliyev əmisi tərəfindən xəstəxanaya aparılarkən yolda keçinib.
Qusar rayon prokurorluğu faktla bağlı geniş açıqlama verməyib. Müstəntiq İsmayıl Ağayev azyaşlının ölümünü təsdiqləyib. O bildirib ki, azyaşlının meyidi tibbi ekspertizadan keçirilir və araşdırmalar başlanıb: «Ölümün səbəbi araşdırmalar bitəndən və tibbi ekspert rəyindən sonra məlum olacaq». Qusar rayon prokurorluğunda Ramil Əliyevin ifadəsi alınıb. Onun saxlanıb-saxlanılmaması aparılan araşdırmalardan sonra məlum olacaq. /ANS PRESS/