Qubanın Haput kəndində torpaq sürüşməsi baş verib
06 İyun 2011 Bazar Ertəsi 10:26
Quba. Zaur Quliyev – APA. Son vaxtlar yağan güclü leysan yağışlarından sonra Quba rayonunun Haput kəndində torpaq sürüşməsi baş verib. Uzunluğu 300 metr, eni isə 150 metr ərazini əhatə edən torpaq sürüşməsi nəticəsində kənddə yaşayış evlərinə ciddi ziyan dəyib.
Yerli sakinlərin APA-nın şimal bürosuna verdikləri məlumata görə, sürüşmə nəticəsində 7 ev qəzalı vəziyyətə düşüb. Kənddə olan digər 13 evdə də çatlar əmələ gəlib. Əksər ailələr çadırlarda yaşamaq məcburiyyətində qalıb. Qubaya düşən güclü leysan yağışları rayonun Buduq kəndində də ciddi problemlər yaradıb. Leysan yağışları kənd qəbiristanlığının bir hissəsini tamamilə yuyub. Qəbiristanlıqda 20-dək qəbirin üstü açılıb, sümüklər ətrafa səpələnib. Yerli sakinlər gecə saatlarında vəhşi heyvanların üstü açılmış qəbirlərə hücum çəkdiyini bildiriblər. Buduq kənd bələdiyyəsinin sədr müavini Mirvari Cabbarovanın APA-ya verdiyi məlumata görə, qəbiristanlıq sürüşmə ərazisində yerləşdiyindən belə hallar tez-tez baş verir. M. Cabbarova qəbiristanlıqda baş vermiş hadisə ilə bağlı lazımi tədbirlərin görüləcəyini bildirib.
DOSTLARINLA PAYLAŞ: