Quba polisi 3 oğurluqda iştirak edən 5 nəfəri saxlayıb
16 Dekabr 2010 Cümə Axşamı 10:40
Oğurluğu törədənlər kəndə qonaq gələn gənclər olub
Quba polisi bir gündə 3 oğurluq faktının üstünü açıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, dekabrın 10-da baş verən mal-qara oğurluğunun üstünü açan Quba rayon polis şöbəsinin cinayət axtarış və istintaq bölməsinin əməkdaşları daha 2 oğurluqda iştirak edən 5 nəfərlik cinayətkar dəstəni yaxalaya biliblər.

Məlumata görə, dəstənin törətdiyi əməllərin üstünün açılmasına dekabrın 10-da Qubanın Kiçi kənd sakini Kəmaləddin Ağayevin tövləsindən 1 baş dananın oğurlanması səbəb olub. Belə ki, səhər tövlədə dananı tapa bilməyən kənd sakini polisə müraciət edib. Hadisə yerinə gələn istintaq və cinayət axtarış bölməsinin əməkdaşları həmin gün kəndə gələnlərin araşdırılmasına başlayıb. Nəticədə oğurluğu kənd sakini 46 yaşlı Mahal Aslanovun evinə qonaq gələn 1983-cü il təvəvllüdlü bacısı oğlu, Sumqayıt sakini Akif Məmmədov, onunla həmyaşıd olan Zamin İmanov və 21 yaşlı Camal Fərzəliyevin törətdiyi bəlli olub. Onlar gecə saatlarında oğurladıqları heyvanı Z.İmanovun idarə etdiyi “VAZ 2106” markalı maşınla Sumqayıt şəhərinə aparıblar.

Quba polis şöbəsinin müstəntiqi Rövşən Turabovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, həmin gecə gənclər kənddəki ərzaq dükanında da oğurluq ediblər. Kəndə qonaq gələn gənclər Kamal Məmmədovun ərzaq mağazasından ümumi dəyəri 99 manat olan toyuq əti, araq və siqaret oğurlayaraq aralarında bölüblər. Dəstə bundan sonra narkotik maddə qəbul edərək mal-qara oğurluğuna gedib.

Araşdırmanı dərinləşdirən polis, dayı və bacıoğlunun 2009-cu ildə eyni kənd sakininin daha 2 baş mal-qarasını oğurladığını ortaya çıxarıb. 2009-cu ildə baş verən oğurluqda qohumlardan əlavə 24 yaşlı İlqar Şirinov adlı şəxs də iştirak edib. Əməliyyat tədbirləri zamanı dəstəyə rəhbərlik edən M.Aslanovun üzərindən narkotik maddə də aşkarlanıb.

Əməliyyatçıların saxladığı 5 nəfərlik dəstə istintaqa cəb edilib. Onlar törəkdikləri əməlləri etiraf ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar