Quba-İstik-Xınalıq yolunda ağır qəza baş verib
19 İyul 2009 Bazar 13:30
Quba rayon sakini Əli Eldar oğlu Hüseynovun idarə etdiyi Qazel yolun qırağındakı evə girib

 

Bu gün 11.00 radələrində Quba-İstik-Xınalıq yolunun 24 km-də ağır yol nəqliyyat hadisəsi baş verib.

Qubanın Qımız Qazma kəndi ərazisində Quba rayon sakini Əli Eldar oğlu Hüseynovun idarə etdiyi Qazel markalı sərnişin avtobusu istirahət mərkəzinə gedən yolun sağ hissəsində 77 yaşlı Qızılgül Rəhimovanın həyətində tikilmiş yardımçı binaya çırpılıb. Nəticədə 13 nəfər yaralanıb. Evin gəlini Zülfiyyə Rəhimovanın  ANSPRESS-ə verdiyi məlumata görə, qəza nəticəsində həyətdə olan oğlu 18 yaşlı Rəvan Rəhimov ağır yaralanıb. 

Quba rayon rayon xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyevin verdiyi məlumata görə, xəstəxanaya 13 yaralı gətirilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağırdır.

Quba rayon polis şöbəsi müstəntiqi Rövşən Turabov ANSPRESS-in müxbiri ilə söhbətdə bildirib ki, yaralılardan 2-si yolda keçinib. Hadisənin baş vermə səbəbi araşdırılır. İlkin versiyaya görə, qəzaya səbəb, avtobusun əyləcinin işlək vəziyyətdə olmamasıdır.

Aytəkin Alxaslı /ANSPRESS/ 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar