Qobustanda balıqçı qayığı aşdı
06 Aprel 2011 Çərşənbə 13:42
Hazırda onun axtarışı davam edir
Xəzər dənizində azərbaycanlılara məxsus balıqçı gəmisi batıb. Şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Bakının Qobustan qəsəbəsində baş verib.

Balıq ovu ilə məşğul olan üç nəfər, Elçin, onun əmisi oğlu Malik Qasımov və birincinin qaynı Tural adlı şəxs dünən axşam saatlarında dənizin təxminən 1 kilometr içərilərinə doğru üzərək suya tor salıblar. Bu gün səhər isə tora düşən balıqları çıxarmaq üçün yenidən qayıqla həmin əraziyə yollanıblar. Bu zaman qayıq çevrilərək suda batıb.

Balıqçılar sahilə doğru üzməyə başlasalar da, onlardan yalnız ikisi xilas olub. Elçin və əmisi oğlu Malik sahilə çıxsalar da, Tural xilas ola bilməyib. Onun suda batdığı ehtimal edilir.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə və polisə məlumat verilib. Boğulduğu ehtimal edilən şəxsin axtarışı davam edir.

Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsindən ANS PRESS-ə faktı təsdiqləyiblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar