Qızını öldürüb ayaqyoluna atan ata 10 il cəza aldı
15 Dekabr 2009 Çərşənbə Axşamı 16:00
Vaqif Mahmudov məhkəmədə qızını öldürməsindən peşman olmadığını bildirib
Qızını qətlə yetirərək ayaqyoluna atan ataya hökm oxunub.
ANS PRESS-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi məhkəmənin hökmü ilə təqsirləndirilən Vaqif Mahmudov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi 2005-ci ilin dekabr ayının 28-də Siyəzən rayonu, Qara Siyəzən kəndi ərazisində baş verib. Məlumata görə, qətlə yetirilən 24 yaşlı Dilguşə Mahmudova əxlaqsızlıqla məşğul olub. Belə ki, o nişanlı ola-ola başqa kişi ilə qeyri-qanuni yaşayıb. Bundan sonra nişanı qaytarılan D.Mahmudovadan ailə üzvləri üz döndəriblər. O, bir müddət Naftalandakı bacısının evində yaşasa da, əməlindən geri qalmayıb. Bacısının davranışlarından bezən böyük bacı onu Naxçıvanda yaşayan qardaşının yanına göndərib, lakin qardaş da bacısının hərəkətlərinə dözə bilməyib.
Naxçıvandan qayıdan D.Mahmudovanı Bakıda 64 yaşlı atası Vaqif Mahmudov qarşılayıb. Ata qızını birbaşa Qara Siyəzən kəndindəki atası Əlisoltanın evinə aparıb. Qızın əl-ayağını bağlayan Vaqif Mahmudov onu boğaraq öldürüb. Meyidi isə həyətdəki ayaqyolu quyusuna atıb.
Məhkəmədə ifadə verən V.Mahmudov qızını öldürməsindən peşman olmadığını bildirib: “O, mənim başımı yerə əyib, mən də onun meyidini nəcisə atmışam”. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar