Qiyamçılar Tripoli hava limanını tutdular
23 Avqust 2011 Çərşənbə Axşamı 01:05
Müammər Qəddafiyə sadiq qüvvələr paytaxtın yalnız bir neçə məhəlləsinə nəzarət edirlər
Liviya müxalifətçiləri bəyan ediblər ki, paytaxt Tripolidəki hava limanını ələ keçiriblər. Bu barədə məlumatı qiyamçıların silahlı qüvvələrinin nümayəndəsinə istinadən “Əl Ərəbiyə” telekanalı yayıb.

Ən son məlumatlara görə, qiyamçılar Tripolinin 90 faizinə nəzarət edirlər. Müammər Qəddafiyə sadiq qüvvələr isə paytaxtın yalnız bir neçə məhəlləsini əllərində saxlaya biliblər və hələ də müqavimət göstərirlər.

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi liviyalı qiyamçılardan Müammər Qəddafinin oğlu Seyf əl İslamın verilməsini istəyib. O, bəşəriyyət əleyhinə cinayətlərə görə axtarışda olub və avqustun 21-də qiyamçılar tərəfindən həbs edilib.

Pentaqonun nümayəndəsi Devid Lavan bildirib ki, Liviya lideri Müammər Qəddafinin hələ də ölkə ərazisində olduğu güman edilir. Bəzi məlumatlara görə, Liviya lideri Tripolinin qərbindəki Tacura rayonunda xəstəxanadadır. Bu arada isə Anqola Müammər Qəddafiyə siyasi sığınacaq verməyə hazır olduğunu bəyan edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar