Qəzəbini qayınanasını boğmaqla soyutmaq istədi
25 Avqust 2009 Çərşənbə Axşamı 23:40
Vəlican qayınanasını yarımcan etdi
Siyəzənin Gigilçay kəndinin sakini, 73 yaşlı İlyasova Qələmnaz Baba qızı kürəkəni tərəfindən boğulub. Koma vəziyyətində olan qayınana ailə üzvləri tərəfindən Siyəzən regional diaqnostika mərkəzinə çatdırılıb və həkimlər onu ölümdən qurtarıb. Bundan sonra hadisə barədə rayon polis şöbəsinə məlumat verilib.

Qələmnaz İlyasovanın həyat yoldaşı Həsən İlyasov bildirib ki, qızı Gülərlə kürəkəni Vəlican uzun müddət onlarla bir yerdə yaşayıb. Bir müddət əvvəl isə Gülərlə Vəlican rəsmən ayrılıb və hər ikisi Həsən İlyasovun evini tərk edib. Qızı ilə kürəkəninin evdən çıxmasından sonra Qələmnaz İlyasova 450 manat məbləğində pulunun yoxa çıxdığını bildirib. Qayınanasının ondan şübhələndiyini bilən kürəkən qəzəblənib və qəzəbini qayınanasını boğmaqla soyutmaq istəyib.

Zərərçəkmişin qohumları bildirib ki, hadisəni törətmiş Vəlican hələ də azadlıqda gəzir.

Siyəzən rayon polis şöbəsindən baş vermiş hadisə ilə bağlı geniş məlumat verməyiblər. Şöbənin təhqiqatçısı Kamil Hüseynov yalnız onu bildirib ki, faktla əlaqədar araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar