Qəbələdəki yanğına görə havaya 3 yanğınsöndürən helikopter qaldırılıb
21 Avqust 2010 Şənbə 23:40
Avqustun 15-dən başlayan meşə yanğınları hələ də davam edir.
Rusiyada meşə yanğınları səngisə də, Azərbaycanda təhlükə qalmaqdadır. Qəbələdə yanan yaşıllıq sahədə alovun qarşısını almaq üçün havaya 3 yanğınsöndürən helikopter qaldırılıb.

Qəbələnin Tikanli kəndi yaxınlığındakı meşə zolağında qeydə alınan alovlanma səngimək üzrədir. Rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinin direktor əvəzi İlqar Cəlilovun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikasının, o cümlədən meşə işçiləri ilə ekoloqların səyi nəticəsində səhərədək yanğının qarşısının alınması mümkün olacaq. Qeyd edək ki, Qəbələnin bu ərazisində yanğın avqustun 15-dən başlanıb və mütəxəssislərin dediyinə görə, yanğın əsasən kolluq sahələrdə müşahidə edilir.

Yüksək dağlıq ərazilərdə təhlükəsizlik tədbirləri kimi nəzarətçilər qoyulub. Mülki müdafiə qüvvələrinin əsgərləri də sahələrdə növbə çəkir.

Yanğının keçdiyi ərazi təxminən 10-15 hektar sahəni əhatə etsə də, alov dar zolaqlarda qeydə alınır və faktiki olaraq yanan hissə 4-5 hektara qədərdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar