Qəbələdəki qohum qatilinin axtarışları davam edir
03 İyul 2010 Şənbə 16:55
Baş prokurorluq baş vermiş silahlı insident barədə məlumat yayıb.
Bu gün saat 13-00 radələrində Qəbələ rayonunun Tikanlı kənd sakini Yusifov Höküməli Atamalı oğlu qısqanclıq zəminində aralarında baş vermiş münaqişə zamanı qanunsuz saxladığı ov tüfəngi ilə dayısı Quliyev Mürsəl Mirzalı oğlu və sonuncunun oğlu Şahmuradı qəsdən öldürmək məqsədilə yaşadıqları evin həyətində atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Höküməli Yusifov cinayət əməllərini davam etdirərək təxminən yarım saatdan sonra dayısının digər oğlu Nizamidən qisas almaq niyyətilə sonuncunun yaşadığı Tikanlı kəndinin Dəmirçi bağları adlanan ərazisinə gələrək həmin tüfənglə onun ürək nahiyəsinə atəş açmaqla qəsdən öldürüb. Mürsəl və Şahmurad Quliyevlər ağır bədən xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasının müvafiq olaraq cərrahiyyə və renimasiya şöbələrinə yerləşdiriliblər.
Rayon prokurorluğunun və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə video və foto çəkilişlər aparılmaqla baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 29,120.2.7-ci maddələri ilə cinayət işi başlanılıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib, cinayəti törətmiş şəxs Höküməli Yusifovun tutulması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: