Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Əhməd Quliyevin sədrliyi ilə qardaşını öldüməkdə təqsirləndirilən Binəqədi rayon sakininin məhkəmə baxışı başlayıb. ANS PRESS-in məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttiham aktına görə, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi M. Davudoğlu küçəsi, ev 16-da yaşayan 42 yaşlı Şahbaz Vəliyev 2008-ci il dekabrın 25-də ailə münaqişəsi zəminində 50 yaşlı qardaşı Nəbi Vəliyevi bıçaqla qətlə yetirib. O, qətli xüsusi amansızlıqla həyata keçirib. Ona qarşı Azərbaycan Cinayət Məcələsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ş Vəliyev qardaşı ilə münaqişəsinin 140 min dollara satılmış ata mülkünün pulunun bölünməsinə görə yarandığını bildirib: “Münaqişə uzun müddət idi davam edirdi. Dəfələrlə qohumlar qardaşımla münasibətləri normallaşdırmaq istəyirdi, ancaq alınmırdı. Hazırda onu öldürməyimə peşmanam”.
Məhkəmə prosesi şahid ifadələri ilə mayın 21-də davam etdiriləcək.
Anar Məmmədov /ANS PRESS/