Qardaş qardaşını kompüterə görə öldürüb
25 İyun 2011 Şənbə 10:45
Xətai rayonunda baş verən qətlin motivi bəlli olub. Qardaş qardaşını kompüterə görə öldürüb.
Bakıda qardaşını qətlə yetirən şəxs istintaqa ifadə verib. Xətai rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, qardaş qatili İlham Həmidov qətlin səbəbini açıqlayıb. Hadisəyə kompüter üstündə yaranan mübahisə səbəb olub.
Belə ki, hadisə baş verən gün 25 yaşlı Murad Kamran oğlu Həmidov evə gəlib kompüterini işə saldığda onun işləmədiyinin görüb. Bu zaman o böyük qardaşı 26 yaşlı İlhamdan şübhələnib və onu çağıraraq kompüterinin işləməməsinin səbəbini soruşub. Qardaşı kompüterə əl vurmadığını deyəndən sonra onların arasında mübahisə yaranıb. İlham əsəblərinin cilovlaya bilməyərək evdən çıxıb. Murad isə sakitləşmək üçün yerinə uzanaraq yatıb. Bir müddət sonra isə evdən əsəbi halda çıxan qardaş yenə əsəbi vəziyyətdə evə gəlib və əlindəki balta ilə yatmış balaca qardaşına bir neçə zərbə endirərək onu qətlə yetirib. Hadisə baş verən zaman evdə heç kim olmadığından o hadisəni törədəndən sonra evdən qaçıb.
Xətai rayon Polis İdarəsi və 35-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 26 yaşlı İlham Kamran oğlu Həmidov dünən saxlanılaraq istintaqa təhvil verilib. İ.Həmidov əməlindən peşman olduğunu bildirsə də artıq faktla bağlı AR CM-nin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, qətl hadisəsi iyunun 23-ü axşam saatlarında baş verib. İ.Həmidov doğma qardaşı 25 yaşlı Muradı yatan vaxt qətlə yetirib. Murad Həmidov baş nahiyəsindən aldığı bir neçə balta zərbəsi nəticəsində hadisə yerində keçinib. Qətldə şübhəli bilinən İlham Həmidov hadisədən sonra həyətə çıxaraq qonşulara “qardaşımı öldürdüm” deyərək qaçıb.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: