Qaradağda mal-qara oğurları saxlanılıb
28 İyul 2011 Cümə Axşamı 00:29
İki ortaq Sahil qəsəbəsindən oğurladıqları mal-qaranı satmaq üçün piyada Salyana aparırmış.
Qaradağ polisi başqalarına aid mal-qaranı oğurlamağa cəhd edən iki nəfəri saxlayıb. Saxlanılanlar 37 yaşlı Ələsgərov Bəxtiyar Tofiq oğlu və 45 yaşlı Xankişiyev Arzu Ağakişi oğlu daha əvvəl də iribuynuzlu qaramal oğurluğuna görə məhkum olunublar. Əvvəlcədən planlaşdırılmış oğurluq isə Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki otlaqlardan edilib. Məlum olub ki, cinayət ortaqları bir neçə vətəndaşa məxsus həmin heyvanları oğurlamaq üçün adıçəkilən otlaq sahələri qabaqcadan gözaltı edibmişlər.
Saxlanılaraq Qaradağ rayon polis idarəsinin istintaq şöbəsinə təqdim edilən Bəxtiyar Ələsgərov və Arzu Xankişiyev oğurluğa əvvəlcədən qurduqları plan əsasında yollandıqlarını etiraf ediblər. Onların ərafında aparılan istintaq araşdırmaları isə daha maraqlı məqamları üzə çıxarıb. Sən demə, hər iki şəxs əvvəllər də eyni əmələ görə, yəni iribuynuzlu qaramal oğurluğunda təqsirli bilinərək məhkumluq həyatı yaşayıblar. İstintaqa ifadə verən oğrular 22 baş iribuynuzlu heyvanı texnikanın köməkliyi ilə deyil, piyada, necə deyərlər, qabaqlarına qataraq otara-otara apardıqlarını da etiraf ediblər.
Qaradağ RPİ-nin baş müstəntiqi Arif Zahidov ortaqların həmin 22 heyvanı 4-cü gün mal bazarında satmaq üçün otara-otara Salyan istiqamətində apardıqlarını deyib.
Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxsə qarşı cinayət məcəlləsinin oğurluq maddəsinin müvafiq bəndləri ilə ittiham irəli sürülüb. Həmin ittiham əsasında isə keçmiş məhkumları yenidən məhbəs həyatı gözləyir. anspress
DOSTLARINLA PAYLAŞ: