Qafqaz Əmirliyi qruplaşmasının rəhbərlərindən biri həbs olunub
09 İyun 2010 Çərşənbə 19:50
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) iyunun 9-da keçirdiyi xüsusi əməliyyat zamanı tutulmuş yaraqlıların lideri, “Maqas” ləqəbli Əli Taziyev Moskvaya aparılıb.
APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi Ə. Taziyev barəsində həbs-qətimkan tədbirinin seçildiyi, ona qarşı Rusiya Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürüldüyün barədə xəbər yayıb.
Ə. Taziyev, əsasən qeyri-qanuni hərbi birləşmə yaratmaqda, silahlı qiyamda və qeyri-qanuni silah alverində günahlandırılır.
Onun həbs olunması barədə Rusiya prezidenti Dmitri Medvedyevə FTX-nin direktoru Aleksandr Bortnikov məruzə edib. D. Medvedyev yaraqlıların liderinin tutulması əməliyyatında iştirak edənlərin mükafatlandırılması təklifini irəli sürüb.
FTX-nin məlumatına görə, Ə. Taziyev Doku Umarovun başçılıq etdiyi “Qafqaz Əmirliyi” qruplaşmasının rəhbərlərindən biridir. Hüquq-mühafizə orqanlarında hesab edirlər ki, onun 2009-cu ildə İnquşetiya prezidenti Yunusbek Yevkurova sui-qəsddə və 2007-ci ildə Nevınnomıskda avtobusun parladılmasında əli var.
Ə. Taziyev, həmçinin İnquşetiyanın sabiq prezidenti Murat Zyazikovun qohumunun oğurlanmasında və 2004-cü ildə Şamil Basayevlə birlikdin Nazrana hücumun təşkilində günahkar bilinir. Yaraqlıların lideri o vaxtdan federal axtarışa verilib. APA
DOSTLARINLA PAYLAŞ: