Qadın silahı başına tuşlayaraq canlı efiri saxladı
22 Dekabr 2010 Çərşənbə 11:15
Hadisə ABŞ-ın Şarlotta şəhərində baş verib
Silahlı qadın ABŞ-ın “ABC” teleradioşirkətinin tərkib hissəsi olan “WSOC-TV” telekanalının yayımının dayanmasına səbəb olub. Qadın dünən yerli vaxtla saat 17:00 radələrində Şimali Karolina ştatında yerləşən Şarlotta şəhərində yerləşən binaya daxil olaraq tapançanı başına tuşlayıb. Qadının televiziya binasına hücumu zamanı efirdə xəbərlərin axşam buraxılışı gedirmiş.
İnsident nəticəsində yayım dayandırılaraq əməkdaşlar binadan çıxarılıb. Hadisə yerinə isə SWAT adlı xüsusi təyinatlı polis dəstələri gəlib. Bundan sonra saat 17:45 radələrində polis əməkdaşları binaya daxil oublar. 10 dəqiqə sonra “WSOC-TV”nin yayımının dayandırılmasına səbəb olan qadın xərəkdə binadan çıxarılaraq təcili tibbi yardım avtomobilinə yerləşdirilib.
Verilən məlumatlara görə, polis əməkdaşları televiziyanın binasına daxil olan zaman qadın onlara müqavimət göstərmədən təslim olub. Onun başına tuşladığı tapançanın atış üçün hazır vəziyyətə gətirilmədiyi də müəyyənləşdirilib.
Saat 18:00 radələrində isə “WSOC-TV”nin yayımı bərpa olunub. Hələ ki, ABŞ-ın hüquq-mühafizə orqanları qadının şəxsiyyəti və onun bu hərəkəti etməkdə məqsədi ilə bağlı heç bir məlumat vermir. Qeyri-rəsmi mənbələrdə isə qadının 51 yaşlı Vendi Naydes adlı şəxs olduğu bildirilir. Hadisə yerində olan “WSOC-TV”nin əməkdaşı isə insident zamanı qadının maliyyə vəziyyətinin pis olması barədə nə isə söylədiyini vurğulayıb. Şahidin sözlərinə görə, qadın tapança ilə ətrafdakılardan heç kimi hədələməyərək silahı öz başına tuşlayıb.
Xatırladaq ki, “WSOC-TV” telekanalı “ABC” teleradişirkətinin tərkibinə daxildir. Telekanalda 200 işçi çalışır. “WSOC-TV” Şimali Karolina ştatının 22 dairəsində yayımlanır.
DOSTLARINLA PAYLAŞ: