Prorektorun evindən 212 min manat oğurlayan şəxs tutulub
28 Sentyabr 2011 Çərşənbə 23:15
28 yaşlı Zakir Ordiyev həmin pulu eyş-işrətə xərcləməklə yanaşı, özü üçün lüks avtomobillər alıb.
Xəzər rayonu polisinin rayon ərazisində çoxsaylı oğurluq əməllərinə imza atmış 28 yaşlı Ordiyev Zakir İbrahim oğlunun saxlanılması istiqamətində apardığı əməliyyat-axtarış tədbirləri müsbət nəticə verib. Uzun qaç-qovdan sonra Z.Ordiyev həbs olunaraq istintaqa cəlb olunub. Müəyyən edilib ki, o, əsasən Xəzər rayonu ərazisində, yüksək vəzifəli və imkanlı şəxslərə məxsus evlərdən oğurluq etməklə, zərərçəkmişlərə ümumilikdə 300 min manatdan artıq maddi ziyan vurub.

Xəzər Rayon Polis İdarəsinin baş müstəntiqi Neyman Şirinov bildirib ki, onun törətdiyi cinayətlərin ümumilikdə 10 faktı Xəzər rayonunda, 2 cinayət faktı isə Sabunçu rayonunda törədilib: “Oradan da pul, videoaparat aparıb”.

Zakir Ordiyevin ifşası sentyabrın 13-də zərərçəkmiş Günay Zeynalovanın evindən təxminən 32 500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması xəbərindən sonra mümkün olub. Ancaq istintaq araşdırmaları göstərir ki, o, son bir il ərzində paytaxt sakinləri Sevda Kazımovanın 700 manat pulunu, İlqar Şükürovun 1250 manat pulunu və 2000 manatlıq qızıl əşyalarını, Rüstəm Səfərovun 2500 manat pulunu və 2000 manatlıq qızıl əşyalarını, Namiq Qurbanovun 5200 manat pulunu və xeyli miqdarda qızıl əşyalarını, habelə Alik Abdullayevin, Emil Abbasbəylinin, Fuad Nəzərovun da xeyli miqdarda pulunu və qızıl əşyalarını oğurlayıb.

Z. Ordiyevin etdiyi ən böyük oğurluq isə zərərçəkmiş İsaxan İsaxanlının evindən edilib. Təxminən 212 min manat pul və külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb. İdarədən ANS-ə verilən məlumata görə, Z.Ordiyev evindən oğurluq etdiyi İsaxan İsaxanlı Xəzər Universitetinin prorektorudur.

Saxlanılan Zakir Ordiyev özü isə deyir ki, indiyəcən ən çox yadda qalan oğurluq Buzovnadakı evdən olub: “Orada çoxlu pul və qızıl olub. Evdə şifonerdə sumkada konvertlər var idi, əvvəl bilmədim nədir. Biri açıq idi. Baxdım puldur, qoydum qırağa”.

Z.Ordiyev oğurladığı həmin 212 min manat pulu və qızılları eyş-işrətə xərcləməklə yanaşı, özü üçün lüks avtomobillər də alıb. Misal üçün, o, “BMW” markalı maşına 30 min, “Mercedes” markalı maşına isə 65 min manat pul sayıb. 4000 manata aldığı “Jiquli” isə Zakirin gündəlik istifadə etdiyi maşını olub. Ancaq ailəsinə gəlincə, Zakir övladına bir çürük alma da almadığını deyib.

Qeyd edək ki, Ordiyev əvvəllər də oğurluq əməllərinə görə məhkumluq həyatı yaşayıb. Xəzər rayon Polis İdarəsində artıq ona qarşı yenidən Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə ittiham irəli sürülüb. Polis araşdırmalar zamanı zərərçəkmişlərin sayının artacağını da istisna etmir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar